Aralarında münaqişə olan insanlar bir-birinə ziyan vurmaq istəyirlər. Həmin adamlar bu ziyanı açıq dava-dalaş zamanı və ya bir-birinin üzünə gülərək əlaltından vura bilərlər. Ehtirasların qızışdığı zaman törədilən əməlləri biz, adətən, coşqunluqla, qanın qaynaması ilə izah edirik. Eyni səmərəni verən hərəkətlər ayıq başla və ağılla edilirsə, buna soyuqqanlılıq deyirik.
Eyni sözləri qızışaraq bir-biri ilə ölüm-dirim savaşına başlayan dövlətlərə də aid edərək isti müharibədən, dövlətlər bir-biri ilə açıq müharibə aparmadıqları, ancaq ziyan vurmaq üçün əllərindən gələni etdikləri zaman isə soyuq müharibədən danışa bilərik.
Lakin II Dünya müharibəsindən sonra vəziyyət tamamilə başqa idi. ABŞ ilə SSRİ-nin bir-birinə düşmən olduqları şübhə doğurmurdu, amma nüvə silahının yaradılması irimiqyaslı isti müharibəni qeyri-mümkün etdi. Beləliklə də, soyuq müharibə başlandı. Heç kim əsl müharibəyə başlamağa risk etmədi. 1947-ci ildə Uolter Lipman Amerika–SSRİ qarşıdurmasından bəhs edən “Soyuq müharibə” kitabını dərc etdirdi. Beləliklə də, “soyuq müharibə” ifadəsi məşhurlaşdı. (Ayzek Azimov. Sözlərin tarixi)